Keçid linkləri

2024, 28 Sentyabr, şənbə, Bakı vaxtı 23:22

«İran radikalları Rafsanjaninin dediklərini həzm edə bilməzdilər»


İranın keçmiş prezidenti Akbar Hashemi Rafsanjani
İranın keçmiş prezidenti Akbar Hashemi Rafsanjani
-
İranın keçmiş prezidenti Akbar Hashemi Rafsanjaninin oğlu və qızı həbs olunub. Bu həbslər 2013-cü il prezident seçkisi ərəfəsində İranda siyasi çəkişmənin gücləndiyini göstərir.
RAFSANJANİNİN ULDUZU NƏ VAXT SÖNDÜ ?
Mehdi və Faezeh Hashemi 2009-cu ildə Mahmoud Ahmadinejad yenidən prezident seçiləndən sonra İranda etirazları qızışdırmaqda ittiham olunurlar.
Vaxtilə İranın ən nüfuzlu adamlarından olan Rafsanjaninin övladları indi Tehranın Evin həbsxanasında saxlanırlar. Burada müxalifət fəalları və İslam quruluşunun tənqidçiləri saxlanır.
Keçmiş prezident 2009-cu il seçkisinin nəticələri ilə barışmayan müxalifət hərəkatına dəstəyinə görə tənqid olunur.
Rafsanjaninin ulduzu o, 2005-ci ildə Mahmud Ahmadinejada uduzandan sonra sönməyə başlayıb. Son dörd ildə onun cümə moizəsini aparmasına qadağa qoyulub, Ağsaqqallar Məclisində rəhbər rolunu itirib, ictimai tədbirlərdə açıq hücumlara məruz qalıb.
KEÇMİŞ NÜFUZUN BƏRPASI
Oğlu və qızının həbsi keçmiş prezidentə təzyiqin gücləndiyini göstərir. Bu, həm də elə bir vaxtda baş verir ki, Rafsanjani keçmiş nüfuzunu qismən bərpa etməyə başlayıb.
Rafsanjaninin qızı, keçmiş deputat Faezeh Hashemi şənbə günü həbs olunub və məhkəmə qərarı ilə yanvar ayında ona verilmiş 6 aylıq həbs cəzasını indi çəkməlidir. O, 2009-cu ilin küçə etirazlarını qızışdırmaqda, İran liderlərini təhqir etməkdə ittiham olunur.
Ancaq onun həbsi qardaşını İrana dönməkdən çəkindirmir. Üç il Britaniyada qalan Mehdi Hashemi bacısının həbsindən bir gün sonra, İrana qayıdır. O da dövlət əleyhinə təbliğatda və korrupsiyada ittiham olunurdu. Nəhayət bazar ertəsi saxlanır və dindirilir.
Keçmiş İran prezidentinin qızı Faezeh Rafsanjani (sağda)
Keçmiş İran prezidentinin qızı Faezeh Rafsanjani (sağda)
Vaşinqtondan siyasi təhlilçi Ali Afshari deyir ki, İran radikalları Rafsanjaninin «qol-qanadını sındırmaq» fikrindədirlər:
RAFSANJANİDƏN HƏZM EDİLMƏYƏN BƏYANATLAR
«2013-cü il prezident seçkisi ərəfəsində sərt-xətt tərəfdarları Rafsanjaninin addımlarını neytrallaşdırır və siyasi mühitin genişlənməsinin qarşısını alırlar», Afshari bildirir.
Rafsanjani bu yaxınlarda Tehranda Qoşulmama Hərəkatının samitinə Ayatollah Khamenei-dən sonra ikinci nüfuzlu şəxs kimi qatılıb. Belə təəssürat yaranıb ki, beynəlxalq təzyiq altında olan İran artıq ona bəraət verir. Samitdən bir neçə gün sonra isə keçmiş prezident dedi ki, «azad və şəffaf» seçkilər ölkənin problemlərinin çoxunu həll edə bilər. O, həmçinin İranın kritik vəziyyətinə dair xəbərdarlıq etdi.
«Bu şərhlər İranın güclü sərt-xətt tərəfdarları üçün həddən çox oldu. Samit Rafsanjaninin sərt-xətt tərəfdarlarına yaxınlaşdığını göstərən bir şou idi, ancaq radikallar onun sonrakı mövqeyini qəbul etməzdilər» bunu New York-dan İranlı jurnalist Roozbeh Mirebrahimi deyir.
AKULA NƏ EDƏCƏK?
«Rafsanjani azad seçkilər keçirməyə çağırır, bu o deməkdir ki, onlar hazırda azad deyillər. O, həmçinin bildirir ki, siyasi mühit açılmalı, İran hazırkı vəziyyətdən çıxış yolu tapmalıdır. Bunu radikal fiqurlar həzm edə bilməzdilər».
Rafsanjani beş övladından ikisinin həbsi barədə hələlik danışmayıb. İnternetdə onun oğlunu qucaqlayıb yola salmasını göstərən video yayılıb.
İslam İnqilabının sütunlarından olan Rafsanjani «akula» ləqəbi ilə tanınır. Bu ləqəb ona təkcə saqqal saxlamadığına görə deyil, həm də siyasi hiyləgərliyinə görə verilib. Çoxları indi onun növbəti addımının nə olacağını gözləyirlər.
XS
SM
MD
LG