Keçid linkləri

2024, 28 Sentyabr, şənbə, Bakı vaxtı 07:18

Prezidentin göstərişi ilə tikinti şirkətinə cinayət işi açılıb


Bakı
Bakı

“Yasamal rayonu, Mətbuat prospektindəki "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb.

Buna səbəb tikinti aparan şirkətin ərazidəki 54 ağacı qanunsuz olaraq kəsməsi və yaşıllığın tamamilə məhv edilməsidir”.

Prezidentin mətbuat xidmətinin məlumatında deyilir ki, tikinti prezidentin göstərişi ilə dayandırılıb.

Mətbuat xidməti qeyd edir ki, tikinti ərazisindəki məlumat lövhəsində “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin inşası nəzərdə tutulub. Amma tikinti şirkəti qanunvericiliyi pozaraq ərazidəki ağacları ağır texnika ilə məhv edib.

Bakıda ağaclar kəsilib
Bakıda ağaclar kəsilib

“Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti kəskin reaksiya göstərib. Tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib”, məlumatda qeyd edilir.

Əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baxış keçirdiyi, tikinti şirkətinin ağacların məhv edilməsinə görə, 130 min manat cərimələndiyi, fakt üzə cinayət işi açıldığı bildirilir.

Mətbuat xidməti ölkə başçısının Nazirlər Kabinetinin 2014-cü ilin aprelində keçirilmiş iclasında ağacların kəsilməsi ilə bağlı səsləndirdiyi fikirlərdən sitat da gətirib. Həmin iclasda ölkə başçısı deyib ki, ağacların kəsilməsi həm ictimaiyyəti, həm də onu narahat edir.

“Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağac kəsmək tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər”, ölkə başçısı qeyd edib.

Mətbuat xidmətinin məlumatında "Ovçular evi" ərazisində “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin inşasını həyata keçirən şirkətin ayrıca adı çəkilmir. Hələlik, bu açıqlamaya qarşı tərəfdən münasibət almaq mümkün olmayıb.

Buna da bax: "Parkımızı özümüzə qaytarsınlar"

XS
SM
MD
LG