70 kvadratmetrdə 147 adam

Kəhrizak həbsxanasında ölən 3 dustaq
70 kvadratmetrlik həbs kamerasına 147 adamı doldurmaq olarmı? Hərəyə yarım kvadratmetr sahə düşür. Həmin adamlar yatsalar, gərək böyrü üstə yatalar ki, yerləşələr. Müxalifətçilər bu otaqda 4 gün qalıblar.

İran parlamentinin təhqiqat komitəsi Tehranın keçmiş prokurorunu ittiham edib ki, 147 müxalifətçi dustağı Kəhrizak həbsxanasındakı 70 kvadratmetrlik otağa o doldurtdurub.

Dustaqları Kəhrizak həbsxanasına köçürəndə prokuror Seyid Mortazavi bilirdi ki, orda yer yoxdur.

Komitənin hesabatına görə, hökumət əleyhinə nümayişlərdə tutulan müxalifətçilərin saxlandığı otaqda ventilyasiya olmayıb, yemək, su qıtlığı olub.

Nəticədə 3 dustaq ölüb.

DUSTAQLAR NƏDƏN ÖLÜB?

Bu ölümlərlə bağlı keçmiş prokurorun rəsmi izahı budur ki, həmin adamlar meningit xəstəliyindən ölüblər. Komitə bu izahı alt-üst edib.

Komitənin rəyinə görə, 3 dustaq «yerin darlığından, sanitar vəziyyətin pisliyindən, istidən, ventilyasiyanın yoxluğundan və fiziki hücumlardan ölüblər».

Həmin 147 müxalifətçi iyundakı prezident seçkilərinə etirazlarda iyul ayında tutulanlardır.

Ancaq Tehranın eks-prokuroru deyəndə bu o demək deyil ki, Mortazavi işdən çıxarılıb.

Müxalifətçilərin kütləvi məhkəmələrində fəal rol oynayan Tehranın baş prokuroru Mortazavi sonradan İranın qaçaqmalçılıqla mübarizə agentliyinə rəhbər təyin olundu.

KƏHRİZAK ƏN QATI CİNAYƏTKARLAR ÜÇÜNDÜR


Seyid Mortazavi
Kəhrizak həbsxanasında vəziyyət hətta İranın pislikdə ad çıxarmış Evin həbsxanasındakından da pis olub.

İndi parlament komitəsi soruşur ki, Evin həbsxanasında yer ola-ola, prokuror niyə dustaqları Kəhrizaka köçürdüb.

Hətta Kəhrizakın rəisi yuxarılara məlumat verib ki, yer yoxdur. Ancaq dustaqlar gələndə qəbul etməyə məcbur olub.

Kəhrizak həbsxanası ümumiyyətlə ən qatı və təhlükəli cinayətkarlar üçün nəzərdə tutulub.

ZORLAMA İTTİHAMLARI


Kəhrizak həbsxanası iyul ayında Ayətulla Xameneyinin əmri ilə bağlanıb. Buna səbəb dustaqların ölümü və zorlama haqda məlumatlar idi.

Ancaq dustaqların zorlanmasını parlament komitəsi qətiyyətlə rədd edir. Hesabatda deyilir ki, «bunun heç bir sübutu» yoxdur.

Dustaqların zorlanmasını müxalifət lideri Mehdi Kərrubi demişdi.

Nəsrin Sotoudi
AzadlıqRadiosu tutulan müxalifətçilərin vəkili Nəsrin Sotoudi ilə söhbət eləyib. Vəkil deyir ki, zorlanma ittihamları daha dəqiqliklə araşdırılmalıdır:

«Belə məsələ parlament komitəsinin baxacağı iş deyil. Burda istintaq lazımdır. Kərrubi ona görə deyirdi ki, lazım gəlsə, o sübutları cinayəti araşdıran məhkəməyə təqdim edə bilər. Belə məhkəmə olmalıdır və sübutlar ortaya qoyulmalıdır».

Parlamentin təhqiqat komitəsi 6 nəfərdən ibarət olub. Komitə həm mötədil, həm də mühafizəkar deputatlardan ibarətdir.

Kəhrizakda 3 dustağın öldüyünü hakimiyyət yalnız dekabr ayında boynuna aldı.

Müxalifət iyundan sonrakı nümayişlərdə azı 80 adamın öldüyünü bildirir, hakimiyyət ölənlərin sayının 40 olduğunu deyir.