Kinoteatrda dəhşətli qətliam [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Amerikanın Colorado ştatındakı Aurora şəhərində Batman haqda yeni filmin premyerasında dəhşətli qətliam baş verib.

Azı 12 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Ölənlər arasında 6 yaşlı uşaq da var.

Gülləkeçirməz jilet və əleyhqaz geymiş bir silahlı şəxs ticarət mərkəzindəki kinoteatra daxil olaraq tamaşaçılara atəş açıb.

Polis artıq silahlını həbs edib. O həbs zamanı müqavimət göstərməyib. 24 yaşlı ağdərili amerikalının adı James Holmes-dur.

Saxlanarkən onun üstündə 1 tüfəng, 1 tapança və 1 bıçaq olub.

Şahidlərin dediyinə görə, cinayətkar kinoteatr zalındakı yanğın çıxışını açaraq içəri tüstü şaşkası atıb, daha sonra tamaşaçılara atəş açmağa başlayıb.

Güllələr açılanda bəzi tamaşaçılar ilk öncə nə baş verdiyini anlamayıblar, tüstünün və güllə səslərinin film nümayişini müşayiət edən xüsusi effektlər olduğunu düşünüblər.

"Biz yalnız pop-pop-pop səsləri eşidirdik" - deyə tamaşaçılardan biri Quentin Caldwell bildirib.

Federal Tədqiqat Bürosunun əməkdaşı CNN-ə deyib ki, qətliamın terror aktı olduğunu deməyə hələ ki əsas görmür.

Hadisəyə ölkə prezidenti də münasibətini bildirib. Obama qətliam haqda xəbərdən şoka düşdüyünü, "bu çətin gündə Aurora sakinlərinin yanında olduğunu" deyib.

1999-cu ildə isə Colorado-dakı "Columbine" ali məktəbində qətliam baş vermişdi. 2 gənc oxuduqları ali məktəbin binasında qarşılarına çıxanlara atəş açmış, 12 tələbə və 1 müəllimi qətlə yetirmişdilər.

"The Dark Knight Rises" - superqəhrəman Batman haqda növbəti filmdir.

Qəhrəman şər qüvvələrə qarşı mübarizə aparırır.

Filmin iyulun 20-də Parisdə olmalı premyerası isə təxirə salınıb. Qətliamdan sonra kinoteatr işçiləri yerə salınan qırmızı xalı və divarlara vurulan afişaları yığışdırıblar. Cümə günü axşama nəzərdə tutulmuş Fransa premyerasına Christian Bale, Anne Hathaway kimi kino ulduzları da iştirak etməliydi.

http://www.youtube.com/embed/LUC1Flmsp8E?feature=player_detailpage