Kimdir günahkar? Və ya bir gəncin bitən manifesti [Video]

-


Gənc fəal İsa Şahmarlının intiharı və onu intihara sürükləyən səbəblər haqda Azad LGBT təşkilatının keçmiş həmtəsisçisi Vüqar Adıgözəlov, yazar Cavid Ramazanov və psixiatr Azad İsazadə danışıblar.

«İSANIN AİLƏSİYLƏ PROBLEMLƏRİ VARDI»


Vüqar Adıgözəlov İsanın intiharında ailəsiylə problemlərini qabardır:

«İsa hər zaman açıq insan idi. O, fikirlərini birbaşa deyirdi. İsanın ən ciddi problemlərindən biri ailəsiylə idi. Bu da onun təhsilində, maddi durumunda problemlərə gətirib çıxarmışdı. O hər zaman zarafat edirdi ki, mən özümü bir gün bu bayraqla asacam. Ona görə də «Facebook»da yazdığı status da kimlərəsə zarafat kimi görünmüşdü».

Vüqar Adıgözəlov deyir ki, İsa özü kimi problem yaşayanlara kömək üçün əlindən gələni edirdi:

«İsa örnək ola biləcək insan idi. Özü kimi insanlar ona daha çox danışmağa başlamışdı. İsa da bacardığı qədər həmin insanlara polisin köməyi ilə və ya dəstəklə kömək etməyə çalışırdı».

«BAŞQALARINDAN FƏRQLƏNƏN İNSANLAR BASQIYA MƏRUZ QALIRLAR»

Cavid Süleymanov İsa Şahmarlının intiharında cəmiyyətin basqılarının rolu olduğunu vurğulayır:

«Son dövrlərdəki intiharların çoxu cəmiyyətdəki gərginliyin, bezginliyin ifadəsidir. İntiharlar cəmiyyət üçün xoş olmayan hallardır. İsanın intiharında cəmiyyətin günahı var. Sözdə tolerantlıqdan danışanlar məsələyə biganəliklə yanaşırlar. İntiharların çoxalmağı cəmiyyətdəki böyük bir boşluğun, ədalətsizliyin göstəricisidir».

Yazar basqıya məruz qalanların təkcə homoseksuallar olmadığını deyir:

«Problem təkcə homoseksuallıqda deyil. Digərlərindən fərqlənən, fərqli düşünən insanlar basqılara məruz qalırlar. Aşağı səviyyəli cəmiyyətlərdə zorakılıq, güc ön plana keçir. Şüursuz insanların basqısından hər zaman şurlu insanlar əziyyət çəkir. Bu problemlərin həll olunması üçün müəyyən zaman lazımdır».

«İNTIHARLAR BİR DALĞAYA ÇEVRİLİB»

Psixoloq Azad İsazadə cəmiyyətin intihar dalğasına biganə yanaşdığını deyir:

«Yanvar ayında intiharların sayı artıb. Cəmiyyətdə aqressiya həddən artıq çoxalıb. Bu aqressiyadan daha çox əziyyət çəkənlər intihara meyil edirlər. Artıq intiharlar bir dalğaya çevrilib. İnsan nəyisə sübut etmək istəyərkən cəmiyyət onu eşitmək istəməyəndə çıxış yolu axtarır. Qışqırır, diqqət çəkmək istəyir, səsi eşidilməyəndə intihara məcbur olur. İnsanlar cəmiyyətin diqqətini çəkmək üçün intiharı seçirlər. Çünki yalnız bu addım atılandan sonra cəmiyyət bu barədə danışmağa başlayır. Başqalarında da belə fikir yaranır ki, mən də intihar etsəm, diqqəti çəkərəm. Bu dalğanı dayandırmaq üçün heç bir addım atılmır».