'Paşa Holding' yeni daşınmaz əmlak şirkəti yaradıb

"Port Baku"

“Paşa Holdinq”in yeni yaratdığı «Prime Estates» MMC (VÖEN 1403684731) modern Bakının yeni rəmzlərindən olan “Port Baku Towers” iş mərkəzində yerləşir.

Sürətlə böyüməkdə olan holdinqin baş ofisi də burada – Neftçilər prospekti, 153 ünvanındadır.

Yeni daşınmaz əmlak şirkəti bu il fevralın 12-də təsis olunub. Bu haqda məlumatı Vergilər Nazirliyi (kommersiya şirkətlərinin dövlət qeydiyyatı orqanı) bu gün – mayın 3-də «Vergilər» qəzetində açıqlayıb.

Buna da bax:​ Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

Şirkətin direktoru «PMD Group» MMC-nin İH sədrinin müavinidir

Yerli qanunvericilik şirkətlərin təsisçilərinin adlarının və onlara məxsus payların bölgüsü haqda məlumatın dövlət qeydiyyat orqanı tərəfindən açıqlanmasını yasaqlayır. «Paşa Holdinq» MMC də, bir qayda olaraq, yeni qurduğu şirkətlər haqda «təvazökarcasına» susur. Lakin müəyyən açıq məlumatlar «Prime Estates» MMC-nin bu holdinq və ya onun çoxsaylı törəmə şirkətlərindən biri tərəfindən qurulduğunu deməyə əsas verir.

Şirkətin direktoru Fərid Musayevdir. O, həm də 2013-cü ildən daşınmaz əmlak sahəsində fəaliyyət göstərən «PMD Group» MMC-nin İdarə Heyəti sədrinin müavinidir. F. Musayev dörd ali məktəbin (Bakı Dövlət Universiteti, «Xəzər» Universiteti, London biznes məktəbi və Kolumbiya biznes məktəbi) məzunudur. “Paşa Holdinq”ə gəlməzdən öncə «Azərbaycan İnvestisiya Şirkəti» ASC-də, SOCAR-da və «Modern Group of Companies» MMC-də məsul vəzifələrdə çalışıb.

Buna da bax:​ Saatbasaat böyüyən şirkət

Otelçilik, bankçılıq, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı və digər sahələrə sərmayə qoyan bu şirkət «Paşa Holdinq»in bir hissəsidir.

İlkin kapitala 11 milyon manat

«PMD Group» MMC AzadlıqRadiosu-nun yeni yaradılan şirkətin fəaliyyət istiqamətləri və planları haqda suallarını cavabsız qoyub.

Yeni şirkətin fəaliyyətə başlaması üçün təsisçi onun kapitalına 11 milyon 36 min 81 manat qoyub.