Belarusda saxlanmış müxalifət blogeri Raman Prataseviçin Twitter-də yeni videoda görünməsi hesaba kimin nəzarət etməsi, onun öz istəyilə hərəkət etməsinə dair suallar doğurub.
Даже не знаю, смеяться или плакать 😅 pic.twitter.com/Ninur9HU9k
— Roman Protasevich (@protas_by) July 8, 2021
Heç bir nəzarət olmadan...
Prataseviç Belarusu uzun müddətdir idarə edən Alyaksandr Lukaşenkanı, onun müxalifətə divan tutmasını tənqid edir. O, mayın 23-də Ryanair təyyarəsi Minskə zorla endiriləndən sonra sevgilisi ilə birlikdə saxlanıb.
Prataseviçin adına bağlı hesabda iyulun 7-də yerləşdirilmiş bir postda deyilir ki, o, “internetə qayıdır” və mesajları cavablamağı vəd edir. O mesajları özü, heç bir nəzarət olmadan cavabladığını qeyd edib.
Amma postlar şübhəylə qarşılanıb. Çünki Belarus qanunvericiliyinə görə, ev dustaqlığında olanlar telefondan, internetdən istifadə edə, evdən çıxa bilməzlər.
Buna da bax: Lukaşenka Avropanı tranziti bağlamaqla hədələyir
İttihamlar
Prataseviç iyunun 25-də həbsxanadan ev dustaqlığına göndərilib. Bundan öncə isə Belarus dövlət televiziyasında bir neçə dəfə görünüb. Müxalifət və Qərb rəsmiləri Lukaşenka rejimini ondan işgəncə ilə video-etiraf almaqda ittiham edib, blogeri və sevgilisini dərhal azadlığa buraxmağa çağırıb.
İyunun 14-də Prataseviç Belarus Xarici İşlər Nazirliyinin jurnalistlərlə görüşünə gətirilib. Bir çox jurnalistlər onun bəyanatlarını könüllü verməsinə inanmadıqlarını deyiblər.
Buna da bax: 'Miss Belarus'un Lukaşenko ilə əlaqəsi
Prataseviç 2020-ci ilin avqustunda mübahisəli prezident seçkisindən sonrakı vətəndaş itaətsizliyinin arxasında durmaqda suçlanır. Bu ittihamla 15 ilədək həbs cəzası düşür.
O, Nexta-Live Telegram kanalının əsas administratoru idi. Bu kanal seçkilərdən sonrakı kütləvi etirazları işıqlandırıb. Etirazlar Lukaşenkanın rəsmən prezident elan olunmasına qarşı keçirilirdi.
Qərb Lukaşenkanı prezident kimi tanımayıb.