Rusiya Ukraynanın bir neçə şəhərini raket atəşinə tutub, həlak olanlar var

Ukrayna

Şənbə günü, iyuln 23-də Rusiya Ukraynanın Kirovoqrad vilayətinə raket atıb. Nəticəsində ən azı bir hərbçinin və elektrik yarımstansiyasının iki mühafizəçisinin həlak olduğu və 9 əsgərin yaralandığı bildirilir.

Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Andrey Raykoviç məlumat verib.

Daha əvvəl elə Raykoviçə istinadən məlumat yayılıb ki, Rusiya qoşunları səhər saatlarında Kropivnitski istiqamətində 13 qanadlı raket atıblar, nəticədə infrastruktur obyektlərinə, o cümlədən Kanatovo hərbi aerodromuna və Ukrayna Dəmir Yollarının obyektlərindən birinə ziyan dəyib.

Şənbə günü gecə və səhər tezdən Rusiya ordusu Ukraynanın bir sıra şəhərlərinə, xüsusən Xarkov və Mikolayevə də raket zərbələri endirib.

Buna da bax: Pentaqon rəsmisi: Rusiya Ukraynada hər gün yüzlərlə əsgər itirir

Şəhər meri İqor Terexov şəhərin mərkəzi rayonlarına bir neçə güclü zərbə endirdiyini bildirib.

Vilayət administrasiyasının rəhbəri Oleq Sinegubovun sözlərinə görə, Osnovyanski rayonu da vurulub. Bir nəfərin həlak olduğu xəbər verilir.

Nikolaev vilayəti administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, şənbə günü səhər saat 04:20 radələrində Rusiya şəhərə altı S-300 raketi ilə hücum edib. Onun dediyinə görə, raketlərin bir hissəsi şəhərin kənarına düşüb. Gələn məlumatlara görə, Rusiya Dnepropetrovsk vilayətinin iki rayonunu - Nikopol və Krivorojskini də atəşə tutub. Zərbələr nəticəsində qaz xətti və elektrik şəbəkəsi zədələnib.

Rusiya hakimiyyəti isə Ukrayna ərazisində mülki hədəflərə zərbələr endirilməsi ilə bağlı iddiaları həmişə təkzib edib.

Rusiya fevralın 24-də Ukraynaya hərbi təcavüz edib və bu təcavüz hələ də davam etməkdədir.

Buna da bax: Britaniya kəşfiyyatı: Rusiya casuslarının yarısı Avropadan qovulub