Saakaşvili ABŞ-ı Gürcüstan hakimiyyəti və məmurlarına qarşı sanksiyalara çağırır

Co Bayden (sağ) və Mixail Saakaşvili, Roma, 1 iyun 2011

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Co Bayden administrasiyasına açıq məktub göndərərək, onları Gürcüstan hakimiyyətini qınamağa və Gürcüstanın demokratiyadan geri çəkilməsini dayandırmaq üçün Tbilisiyə təzyiq göstərməyə çağırıb.

Saakaşvilinin məktubu Amerikanın “Politico” nəşrində dərc olunub. Həbsxanada başladığı aclıq aksiyasını 50 gün sonra-bir gün əvvəl dayandıran sabiq prezident yazır ki, o, əvvəllər qiyabi məhkum olunduğu ittihamları siyasi motivli hesab edir.

O hesab edir ki, son illərdə hakim “Gürcü arzusu” partiyası “məhkəmə sistemi və bir çox dövlət və qeyri-dövlət mediası üzərində nəzarəti gücləndirib, korrupsiyanın çiçəklənməsinə imkan verib, seçkiləri manipulyasiya edib və ölkəni Putin Rusiyası ilə yaxınlaşmağa sövq edib”.

Saakaşvili həmçinin hesab edir ki, Gürcüstanın hazırkı hakimiyyəti “NATO üzvlüyünə doğru irəliləmək üçün istənilən praktiki səyləri dayandırıb”.

Saakaşvili xatırladıb ki, prezident olduğu müddətdə o vaxt ABŞ-ın vitse-prezidenti olan Baydenlə görüşüb və o, Gürcüstan demokratiyasına dəstək vəd edib.

“Bu gün mən onun administrasiyasını ciddi təhlükə altında olan gənc demokratiyamızı dəstəkləmək üçün üzərinə düşəni etməyə çağırıram”, - deyə keçmiş prezident yazıb.

Onun təklif etdiyi tədbirlər arasında Gürcüstan hakimiyyətinin hərəkətlərinin ABŞ tərəfindən rəsmi şəkildə pislənməsi də var.

"ABŞ Konqresi Qlobal Maqnitski Aktına uyğun olaraq Gürcüstanda insan haqlarını pozanlara qarşı sanksiyaların tətbiqi məsələsini də nəzərdən keçirməlidir"...

Saakaşvili həmçinin Bayden administrasiyasını onlayn dünya demokratiyası sammitində iştirak etmək üçün Gürcüstan hakimiyyətinə göndərdiyi dəvəti geri götürməyə çağırır.

Rəsmi Vaşinqton indiyədək Saakaşvilinin həbsi və aclıq aksiyası ilə bağlı baş verənlərə təmkinlə reaksiya verib, rəsmi Tbilisini keçmiş prezidentlə humanist davranmağa çağırıb və onun məhkəmədə ədalətli mühakimə olunmaq hüquqununun olduğunu vurğulayıb.

Mixail Saakaşvili Tbilisidəki həbsxana xəstəxanasından Qoridəki hərbi xəstəxanaya aparıldıqdan bir gün əvvəl aclıq aksiyasına son qoyub.

Saakaşvili müxalifəti dəstəkləmək üçün, yerli seçkilərə az qalmış sentyabrın sonunda gizli şəkildə 8 il ərzində olmadığı Gürcüstana gəlib. Oktyabrın 1-də Tbilisidə həbs edilib. Ölkədə olmadığı müddətdə onun barəsində vəzifə səlahiyyətlərini aşma ilə bağlı iki maddə üzrə qiyabi hökm çıxarılıb. Həmin hökmlərə görə, Saakaşvili altı il həbsdə qalmalıdır.

Müxalifət isə siyasətçinin təqib edilməsinin sırf siyasi bir məsələ olduğunu iddia edir.

Saakaşvili Gürcüstana 2008-ci ildə Rusiya ilə hərbi münaqişə zamanı rəhbərlik edib və nəticədə Gürcüstan Cənubi Osetiya və Abxaziya üzərində nəzarəti tamamilə itirib. Münaqişə Rusiya qoşunlarının özünü elan etmiş respublikalarda daimi yerləşdirilməsi ilə yekunlaşıb.