Norveç Helsinki Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə paylaşımında "Dünyanın ən cəsarətli qadınları" sırasına AbzasMedia əməkdaşı Elnarə Qasımovanın da fotosunu daxil edib.
Happy International Women%27s Day!Lilia Chanysheva, #RussiaElnara Gasimova, #Azerbaijan Nasta Loika, #BelarusÇiğdem Mater, #Türkiye Ulfatkhonim Mamadshoeva, #TajikistanLutfiye Zudiyeva, #Ukraine pic.twitter.com/rPv7U5171q
— Norwegian Helsinki Committee (@nhc_no) March 8, 2024
+++
Almaniyanın Bakıdakı səfirliyi ToplumTV jurnalistlərinin həbslərindən narahatlıq bildirib. Bu barədə diplomatik missiyası Facebook səhifəsində paylaşım edib.
"Son aylarda bir neçə jurnalistin və fəalın həbsindən sonra Azərbaycanda ToplumTV jurnalistlərinin və fəallarının sərt həbsləri bizi çox narahat edir. Müstəqil media və vətəndaş cəmiyyəti qorunmalıdır", - paylaşımda deyilir.
Martın 6-da Toplum TV-nin ofisində axtarış aparılıb, ofis möhürlənib, 20-yə yaxın əməkdaşı saxlanıb, sonradan onların əksəriyyəti sərbəst buraxılıb. Bu müstəqil internet televiziyasının üç əməkdaşı, eləcə də Demokratik Təşəbbüslər İnstitutunun dörd fəalı qaçaqmalçılıqda şübhəli sayılırlar, ancaq onlar ittihamı qəbul etmirlər. Müstəqil tənqidçilər ölkədə azad mediaya basqıları pisləyir, hakimiyyətin son nəfəslikləri də qapatmağa çalışdığını deyirlər.
Şvabenin müqayisəsi
Almaniyalı deputat, AŞPA-da Azərbaycanın nümayəndə heyətinin səlahiyyətinin dondurulması təşəbbüsünün müəllifi Frank Şvabe ToplumTV-yə hücumun Azərbaycanla bağlı "Am Abgrund" (Uçurumda) adlı sənədli filmin yayımlandığı gün baş verməsinə diqqət çəkib.
Wie zum Beweis wird am Tag der Ausstrahlung von „Am Abgrund“ und der Aserbaidschan Doku mit @Khadija_Ismayil https://t.co/Ru8B9E9e2U angegriffen und mehr als ein dutzend Journalisten inhaftiert. #UnsereErde @DanielHarrich https://t.co/yLP0PyRNuk
— Frank Schwabe #FreeNahid (@FrankSchwabe) March 6, 2024
Fevralda da Almaniya parlamentində Azərbaycanın "kürü diplomatiyası"nı ifşa edən film göstərilib. Hakimiyyət isə oxşar iddiaları, Qərb diplomatlarının ələ alınması barədə deyilənləri təkzib edir, Qərb qurumlarını qərəzli mövqedə suçlayır.
"ToplumTV-yə basqı Əliyev rejiminin ölkədə tənqidi, müstəqil səslərə son hücumudur, qəbuledilməzdir... Əliyev rejiminin vətəndaş cəmiyyəti, fəallar, müstəqil mediaya qarşı kampaniyasını yaxından monitorinq edəcəyik. Demokratik hökumətləri bu rejimdən repressiya dalğası üçün hesabat istəməyə çağırırıq". Bunu isə "Freedom House" insan haqları təşkilatı bildirir.
Today%27s crackdown on Azerbaijani broadcaster Toplum TV is the Aliyev regime%27s latest unacceptable attack on critical, independent voices in the country.The 10+ employees reportedly detained today join the dozens of other media workers in Azerbaijan targeted for their reporting.… https://t.co/XdIS3GM4Tu
— Freedom House (@freedomhouse) March 6, 2024
"Amnesty"nin dünya ictimaiyyətinə çağırışı
"Amnesty International" hüquq-müdafiə təşkilatı da ToplumTV-yə basqıları pisləyib.
"Müstəqil mediaya bu son basqı ifadə və media azadlığı hüququna birbaşa hücum, tənqidi səslərin susdurulmasına yönəlik qanqaraldıcı cəhddir. Azərbaycan hakimiyyəti müstəqil media orqanlarını və müxalifət qruplarını hədəfə alır, qorxudur və qısnayır, bununla da insan haqları və hüququn aliliyinə biabırçı hörmətsizlik sərgiləyir". Belə bir bəyanatla qurumun Cənubi Qafqaz üzrə tədqiqatçısı Nataliya Nozadze çıxış edib.
"Amnesty" Azərbaycan hakimiyyətini insan haqları və müstəqil mediaya artan təzyiqlərə dərhal son qoymağa, hər kəsin ifadə və media azadlığı daxil olmaqla insan haqlarına hörmət göstərməyə, qorumağa, yerinə yetirməyə çağırır.
"Beynəlxalq ictimaiyyəti Azərbaycandakı vəziyyətin təcili və ağır olmasını dərk etməyə, bu basqıya son qoymaqdan ötrü hakimiyyətə təzyiq göstərməyə çağırırıq. Bu ilin noyabrında COP29 iqlim konfransı keçirəcək ölkədə insan haqlarına sayqı tələb olunmalıdır", - Nozadze vurğulayıb.
ToplumTV-dən öncə "Kanal 13" və AbzasMedia müstəqil media orqanları hədəfə alınıb. Onların saxlanan əməkdaşları da qaçaqmalçılıqda ittiham olunsalar da, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Hakimiyyət təmsilçiləri ölkədə təməl hüquq və azadlıqların təmin olunduğunu deyir, beynəlxalq tənqidləri qəbul etmirlər. Amma son 10 ildə mediaya təzyiqlər azalmayıb, əskinə, yüksələn xətt üzrə gedib. Bir sıra müstəqil media orqanlarının işi məhdudlaşdırılıb. AzadlıqRadiosunun Bakıdakı ofisi 2014-cü ildə qapadılıb, büro rəhbəri, hazırda ToplumTV-nin baş redaktoru Xədicə İsmayılova həbs olunub. Sonrakı illər radionun, eləcə də digər müstəqil və tənqidi mediaların vebsaytları bloklanıb.