Ursula fon der Leyen Kiyvdə Ukrayna üçün 35 milyard avroluq kredit elan etdi

Volodimir Zelenski və Ursula fon der Leyen sentaybrın 20 Kiyevdə keçirilən birgə mətbuat konfransında

Avropa İttifaqı Ukraynaya 35 milyard avro məbləğində kredit təqdim edəcək.

Bunu Avropa Komissiyasının hazırda Kiyevdə səfərdə olan prezidenti Ursula fon der Leyen elan edib.

Xəbər verilir ki, bu kredit üçün vəsaitlər Rusiyanın Avropada dondurulmuş aktivlərinin gəliri ilə formalaşdırılacaq.

Ukrayna bu vəsaiti 40 il müddətində qaytarmalıdır.

Kiyevdə prezident Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında fon der Leyen deyib ki, bu məbləğdə kreditin ayrılması G7 ölkələri qrupunun Ukraynanı uzunmüddətli dəstəkləmək öhdəliyinin yerinə yetirilməsində növbəti addımdır.

G7 ölkələrinin NATO-nun ötən iyulda Vilnüsdə keçirilən sammitində elan edilmiş yardımına həm hərbi yardımlar, həm də müharibədən sonra ölkənin bərpası üçün ayrılan vəsaitlər daxildir.

Volodimir Zelenski bəyan edib ki, bu vəsait ilk növbədə ölkənin enerji sektorunun dəstəklənməsinə, sığınacaqların və dinc əhalinin qorunması üçün başqa qurğuların tikilməsinə, habelə Ukrayna hərbi sənayesinin inkişafına xərclənəcək.

Zelenski habelə ölkə rəhbərliyinin yeni silah növləri, xüsusilə də hava hücumundan müdafiə sistemləri almaq planlarından söz açıb.

Rusiyanın 200 milyard avrosu

Financial Times qəzeti dəqiqləşdirir ki, Ukraynaya veriləcək kredit Rusiya Mərkəzi Bankının Avropa İttifaqında dondurulmuş aktivlərinin gəlirlərindən formalaşdırlacaq.

Hazırda Avropada Rusiya dövlət strukturlarının 200 milyard avrosu dondurulub.

Bu vəsaitin hamısının müsadirə olunması mexanizmi hələ ki, işlənib hazırlanmayıb.

Bununla belə Aİ dondurulmuş vəsaitlərdən gələn gəlirləri Ukraynanın ehtiyaclarına xərcləyir.

Ursula fon der Leyen 8-ci dəfə Kiyevə gəlib

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen sentyabrın 20-də Kiyevə gəlib.

Onun burada qarşıdan qışın gəldiyi bir vaxtda Rusiyanın Ukraynanın enerji infrastrukturuna hava zərbələri ilə bağlı Kiyevə davamlı dəstək elan edəcəyi gözlənilir:

"Mənim Kiyevə sayca 8-ci səfərim tezliklə isitmə mövsümünün başlanacağı və Rusiyanın Ukraynanın enerji infrastrukturuna hava zərbələrinin davam etdiyi bir vaxta təsadüf edir”.

Avropa Komissiyasının rəhbəri az sonra prezident Volodimir Zelenski ilə görüşərək Ukraynanın enerji təchizatına dəstək məsələsini müzakirə etməlidir.

Ursula fon der Leyen bildirib ki, görüşün gündəliyinə Ukraynanın qışa hazırlığına Avropa İttifaqının köməyi məsələsi daxildir.

Görüşdə habelə Ukraynaya İttifaqa üzvlük prosesində dəstək verilməsi və G7 qrupunun kreditləri müzakirə olunacaq.

Xanım fon der Leyen bundan bir gün əvvəl Ukraynanın enerji infrastrukturunun bərpası üçün Kiyevə əlavə olaraq 178 milyon dollar yardım elan etmişdi.

Bir həftə bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi xəbərdarlıq etmişdi ki, qarşıdan gələn qış Ukrayna üçün indiyədək keçilmiş sınaqların ən ağırı ola bilər.

Bu arada Ukraynanın hərbi hava qüvvələri sentyabrın 20-ə keçən gecə Rusiyanın 70 dronundan 61-nin məhv edildiyini bildirib.

Hər hansı dağıntı və ya itkilər barədə məlumat verilməyib.